Mən elmi-fantastika mühitində böyümüşəm. Məktəbə avtobusla gedirdim, bu hər gün 2 saat vaxtımı alırdı. Bu vaxt ərzində kitabların əsiri olurdum, elmi-fantastik əsərlər, hekayələr məni başqa aləmə aparırdı, kitablara olan sonsuz marağımı və doyulmaz aclıq hissimi yatırırdı.
Bilirsinizmi bu maraq məndə özünü necə göstərirdi? Mən heç vaxt məktəbdə tapılmırdım, meşədə olurdum, axtarışda idim və “nümunə”lər toplayırdım: qurbağalar, ilanlar, həşəratlar və göldən su götürürdüm, onları evə gətirib, miksroskop altında baxırdım. Mən sanki, elmin əsiri olmuşdum. Amma etdiyim hər şey dünyanı öyrənmək, mümkünlüyün sərhədlərini tapmaq üçün idi..
Və 60-cı illərin sonlarında baş verən hadisələrdən dolayı mənə elə gəlirdi ki, mənim elmi-fantastikaya olan marağım deyəsən ətrafımda da əksini tapıb: insanlar artıq Aya gedib-çıxmışdılar, okeanın dibində tədqiqat aparmağa hazırlaşırdılar. Jak-Iv Kusto öz televerilişlərində, təsəvvür edə bilməyəcəyimiz heyvanları, təbiəti və möhtəşəm yerləri göstərirdi. Belə görünürdü ki, bütün bu elmi-fantastika çox böyük səs-küy doğuracaq.
Mən rəssam idim. Mən şəkil çəkə bilirdim. Hekayələr yazırdım. Həmin dövrdə indi olduğu qədər video oyunlar, kinoda xüsusi effektlər yox idi və mən anladım ki, bütün bu videoları özüm beynimdə yaratmalı olacam. Hər birimiz uşaqlıqda kitab oxuyarkən yazıçının nağıl etdiyi hekayəni beynimizdə canlandırmışıq. Mən isə bunların təsiri ilə şəkil çəkirdim, hekayələr yazırdım, yadplanetliləri, naməlum dünyaları, robotları, kosmik gəmiləri və buna bənzər bir çox şeyi təsvir edirdim. Cəbr dərsi zamanı kitabın altında gizli-gizli şəkil çəkdiyimə görə həmişə tənqid edilirdim. Məndə olan yaradıcılıq həvəsi əvvəl-axır hər hansı bir şəkildə özünü biruzə verməli idi.
Və çox maraqlı hadisələr baş verdi, Kustonun verilişlərində gördüyüm naməlum dünyanın Yer kürəsində də mövcud olması faktı məni çox güclü bir həyəcan içinə saldı. Bəlkə də mən kosmik gəmi ilə ekzotik aləmə heç vaxt düşməyəcəm. Bu ehtimal çox azdır. Lakin yer üzündə bu kitabları oxuyan zaman təsəvvür etdiyim kimi çox canlı və ekzotik bir dünya vardı, mən ora düşə bilərdim.
Beləliklə 15 yaşımda mən dalğıc olmağa qərar verdim. Bircə problem var idi: mən Kanadada kiçik bir kənddə yaşayırdım və evimiz ən yaxın okeandan 600 mil uzaq idi. Amma mən geri çəkilmədim. Mən atamı o qədər bezdirdim ki, o axırda sərhəddin o tərəfində, Nyu-York ştatının Bufalo şəhərində, dalğıc kursları tapdı. Və mən, Nyu-York ştatının Bufalo şəhərində, qışın şaxtasında, Gənc Xristianlar Assosiasiyasının (YMCA) üzgüçülük üzrə sertifikatını aldım. Beləliklə mən daha iki il "okeanı" görə bilmədim, biz Kaliforniyaya köçənə qədər.
O vaxtdan qırx il keçib və mən həyatımın beş yüz saatını sualtıgəmidə olmaqla suyun altında ümumilikdə üç min saat keçirmişəm. Mən öyrəndim ki, dərin və hətta dayaz sualtı həyat o qədər zəngindir ki, bizim təsəvvür qabiliyyətimiz bunun yanında çox zəifdir. Təbiətin fantaziyası insanın məhdud təsəvvür qabiliyyəti ilə müqayisədə sərhədsizdir. Bugün hələ də suya dalanda gördüklərimdən məni əsmə tutur. Mənim okeana olan sevgim indi də davam edir, və hər zamankından daha güclüdür.
Amma mən özümə karyera seçəndə yetkin bir insan kimi film sənayesini seçdim. Və bu mənim hekayələr uydurmaq ehtirasımı personajlar yaratmaq arzum ilə birləşdirmək üçün ən yaxşı üsul idi. Hələ uşaqlıqdan daim komikslər çəkərdim. Beləliklə kino mənə hekayələri və şəkilləri birləşdirmək imkanı verirdi. Mənim üçün əhəmiyyətu böyük idi. Əlbəttə ki, çəkmək üçün seçdiyim hekayələr elmi-fantastik hekayələr idi: "Terminator", "Gəlmələr" və "Uçurum". "Uçurum" filmində mən sualtı dünyaya olan sevgimi və kinonu birləşdirdim. Və iki ehtiras birləşdi.
“Uçurum” filminin çəkilişi zamanı maraqlı bir hadisə oldu: bu filmdə xüsusi bir süjet məsələsini həll etmək lazım idi mayedən olan bir varlıq düzəltməli idik, və biz kompüter animasiyasından mümkün qədər istifadə etdik. Nəticədə ilk elastik örtüklü bir personaj yarandı ki, bu da kino aləmində heç vaxt görünməmiş bir kompüter animasiyası məhsulu idi. Filmin heç bir gəlir gətirməməsinə, hətta deyərdim güclə satılmasına baxmayaraq mən qeyri-adi bir şeyin şahidi oldum-bu tamaşaçıların reaksiyası idi: bütün dünya tamaşaçıları görükləri sehr qarşısında sanki hipnoz olmuşdular.
Bilirsiz, bu Artur Klarkın qanununudur: hər hansı inkişaf etmiş texnologiyanın sehrdən fərqi yoxdur. Onlar möcüzəvi bir şey görürdülər. Bu da məni çox həvəsləndirdi. Və mən düşündüm: “Kinomatoqrafiyaya məhz bunu gətirmək lazımdır.” İkinci filmim olan “Terminator-2” filmində biz daha da inkişaf etdik. Biz ILM (Industrial Light and Magic) texnologiyası ilə işlədik, və maye metaldan bir adam düzəltdik. Filmin uğuru bu effektin insanlara təsirindən asılı idi. Və effekt işlədi. Biz yenidən möcüzə yaratdıq. Tamaşaçıların reaksiyası eyni idi. Onu da deyim ki, biz bu dəfə bir az daha çox pul qazana bildik.
Beləliklə, bu iki layihənin təcrübəsini birləşdirərək belə bir nəticəyə gəldim ki, bu tamamilə yeni bir dünya olacaq, kino sənayesi insanları üçün yeni bir yaradıcılıq dünyası. Həmin vaxt personajların əsas dizayneri və ən yaxın dostum olan Sten Vinstonla birlikdə Digital Domain adlı bir şirkət yaratdıq. Şirkətin məqsədi video ilə köhnə işləmə üsulluarını geridə qoymaq və birbaşa rəqəmli istehsala doğru addım atmaq idi. Biz demək olar ki, bunu bacardıq və bu bir müddət bizim rəqabətdə üstünlüyümüzü təmin elədi.
Lakin 90-cı illərin ortalarında biz, şirkətimizin məqsədi olan personajların və canlıların yaradılması prosesində geri qalmağa başladıq. Və mən “Avatar” adlı bir cızma-qara elədim, bu hekayə vizual effektlərin sərhəddini aşmalı və personajların real insan emosiyalarını kompüter qrafikası vasitəsilə canlandırmalı idi. Əsas qəhrəmanlar və onların yaşadıqları dünya kompüter qrafikasının məhsulu olmalı idi. Lakin texnologiya hələ buna hazır deyildi. Şirkətimdə mənimlə çalışan işçilər dedilər ki, biz bu ideyanı hələ ki, reallaşdıra bilməyəcəyik.
Mən bu ideyanı kənara qoydum və batan böyük bir gəmi haqqında film çəkdim. (Gülüşlər) Təsəvvür edin ki, mən filmi studiyaya “Romeo və Culyetta gəmidə” adı ilə təqdim elədim. Bu epik romantik hekayə, ehtiras dolu bir film olmalı idi. Sirr olaraq deyim ki, əslində etmək istədiyim əsl “Titanik”in qalıqları arasına - okeanın dibinə enmək idi. Məhz buna görə də mən bu filmi çəkdim. (Alqışlar) Və bu həqiqətdir. Həmin vaxt studiya bunu bilmirdi. Lakin, mən onları yola gətirə bildim. Mən dedim: “Biz dağıntılar arasına enəcəyik. Real dağıntıları çəkəcəyik.” Bunu da filmin açılış səhnəsi üçün istifadə edəcəyik. Bu həqiqətən də vacibdir. Bu nəhəng marketinq həmləsi olacaq. Və mən onları sualtı ekpedisiyanı maliyyələşdirməyə razı saldım. (Gülüşlər)
İnanılmaz səslənir, lakin bu, təsəvvürün reallığı yaratdığının sübutudur. Çünki, biz demək olar ki, reallıq yaratdıq və mən 6 ay sonra Rusiyanın sualtı gəmisində, şimalı Antlantikada, iki mil dərinlikdə suyun altında idim və həqiqi "Titanik"ə illümonatordan baxırdım, yox bu film deyildi, video da deyildi, reallıq idi. (Alqışlar)
Ağlımı başımdan alırdı. Ciddi hazırlıq tələb olunurdu: kameraları yığmaq lazım idi, işıqlandırma və bu kimi başqa şeylər. Və mənə aydın oldu ki, bu sualtı səyahətlər, dərinliyə enişlər kosmik missiyalara bənzəyirdi. Məhz ordakı kimi, yüksək səviyyədə texnologiyalaşmış və ciddi planlaşdırma tələb edən bir iş idi. Sən kapsulun içinə girisən, qaranlıq aləmə enirsən və özün üzüb çıxa bilməsən xilas olmaq ehtimalın yoxdur. Və mən düşündüm: “İnanılmazdır! Mən sanki elmi-fantastik filmdəyəm. Bu həqiqətən də əladır.”
Beləliklə, mən suya dalma xəstəliyinə tutuldum. Dərin maraq, elmlə bağlı elementlər, hamısı burada idi. Bu hər şey demək idi. Bu macəra idi, Bu maraq idi. Bu təsəvvürün gücü idi. Və bu Hollivudun mənə verə bilməyəcəyi bir təcrübə idi. Çünki, mən yaradacağım məxluqu təsəvvür edə bilirdim və biz bunun üçün xüsusi effektlər hazırlaya edə bilərdik. Lakin, mən illuminatordan gördüklərimi heç vaxt təsəvvür edə bilməzdim. Növbəti dəfələrdə suya enərkən hidrotermaların üstündə canlılar gördüm, hərdən ömrümdə görmədiyim canlıları görürdüm, elə canlılar idi ki, onları əvvəllər heç kəs görməyib, hələ elm tərəfindən kəşf edilməyib, biz onları gördük və fotolarını çəkdik.
Məni sanki sehrləmişdilər, mən bundan daha artığını etmək istəyirdim. Və mən çox maraqlı bir qərar qəbul etdim. “Titanik”in uğurundan sonra mən dedim: “Yaxşı, mən hələlik Hollivudda rejissorluğu bir kənara qoyub, bir müddətlik özümü tamamilə tədqiqatlara həsr edəcəm.” Və biz ekspedisiyalar planlaşdırmağa başladıq. Biz “Bismark”a endik, orada robotlar vasitəsilə tədqiqatlar aparırdıq. Biz “Titanik”in dağıntıları arasına qayıtdıq. Fibra-optik kabeli çarxa sarıyaraq kiçik robotlar düzəltdik. Məqsədimiz gəminin içini araşdırmaq idi, burada heç vaxt tədqiqat aparılmamışdı. Heç kəs dağıntıların arasına girməmişdi. Çünki bunun üçün avadanlıqları yox idi və biz bu avadanlığı yaratdıq.
Və budur, mən Titanikin göyərtəsində bir sualtı gəmidə oturmuşam, bir vaxtlar orkestrin çaldığı döşəməyə baxıram. Mən kiçik bir robot ilə üzürəm və gəminin koridorlarında gəzirəm. Robotu mən idarə edirəm, amma onsuzda zehnim o robotun içindədir. Yəni özümü həm də fiziki olaraq Titanikin dağıntıları arasında hiss edirəm. Və bu mənim indiyə qədər hiss etdiyim ən sürreal deja vü təcrübəm idi, çünki robotun küncdən dönəndə mənə göstərəcəyi səhnəni işıqlandırmazdan əvvəl orda nə olduğunu artıq bilirdim, çünki filmin çəkilişləri ərzində bu yerlərdə aylarla gəzmişdim. Çəkiliş meydançası isə tamamilə gəmininin özünə uyğun hazırlanmışdı.
Bu heç bir sözlə ifadə edə bilməyəcəyim bir təcrübə idi. Mən dərk elədim ki, düzəltdiyimiz robot avatarların köməyi ilə şüurumuz bu robotların içinə yerləşdirilir və televizorda bunu görüntüləməyi təmin edir, insanı tam başqa bir mövcudluğa keçirir. Və bu həqiqi mənada dərin hisslər idi. Elmi-fantastikanın pərəstişkarı kimi, mən təsəvvür edə bilirəm ki, bunlar bəlkə də bir neçə onillikdən sonra baş verəcəklərin bir qığılcımıdır, bizdə tədqiqatlar və başqa məqsədlər üçün müxtəlif qeyri-adi və güclü qabiliyyətləri olan kiber bədənlər yaradılacaq.
Beləliklə bu ekspedisiyaları tamamladım və ondan sonra sualtı aləmə həqiqətən dəyər verməyə başladım, orda çoxlu qəribə-qəribə heyvanlar gördüyümüz okeandibi püskürmələrə. Onlar demək olar ki, Yer kürəsi üçün gəlmədirlər. Xemosintez şəraitində yaşayırlar. Bizim kimi Günəş sistemində yaşaya bilmirlər. Və qarşında beş yüz dərəcə istilikdə osuda məskunlaşmış canlıları görürsən. Düşünürsən ki, onların mövcud olması belə mümkün deyil.
Eyni vaxtda həm də kosmik tədqiqatlar ilə maraqlanmağa başladım, bu uşaqlıqdan qalan elmi-fantasikanın təsiri idi. Və mən kosmik cəmiyyətə qoşuldum, ABŞ Milli Kosmik Agentliyinə gedib-gəlirdim, təşkilatın məsləhət iclaslarını ziyarət edirdim, əsl kosmik missiyalar planlaşdırırdım, Rusiyaya kosmonavtlar üçün tibbi yoxlanışa getmişdim və buna bənzər bir çox işlər görürdüm, məqsədim Beynəlxalq Kosmik Stansiyaya öz 3D kameralarımızla uçmaq idi. Bu çox əyləncəli idi. Nəhayət mən kosmik mütəxəssisləri öz sualtı tədqiqatlarımıza cəlb edə bildim. Və onları okean dibinə düşməyə vadar etdim ki, astrobiologiyaya yaxın olsunlar. Belə ekstimal mühitlərlə maraqlnanan planet tədqiqatçılarına oradakı hidrotermalları göstərmək istəyirdim ki, nümunələr toplasınlar, avadanlığı test eləsinlər və s.
Beləliklə biz sənədli filmlər çəkirdik, əslində elmlə məşğul idik, daha dəqiq desək kosmik elmlə. Və uşaqlıqdan əsiri olduğum elmi-fantastikaya həvəsimi və elmi birləşdirib bir çərçivəyə saldım. Mən tədqiqat səyahəti ərzində çox şeyi bildim. Mən elm o cümlədən də liderlik haqqında öyrəndim. Siz düşünürsüz ki, rejissor lider olmalıdır, sanki gəmi kapitanı kimi və s.
Əslində mən bu ekspedisiyaları həyata keçirənə qədər liderlik haqqında heç nə bilmirdim. Çünki, bir vaxt gəldi və mən özümə bu sualı verdim: “Mənim burada nə işim var? Bunu nəyə görə edirəm? Mən bundan nə qazanacam?” Biz bu lənətə gəlmiş çəkilişlərdən heç nə qazanmırdıq. Nə filmlər satılır nə də şöhrət gətirirdi. Adamlara elə gəlirdi ki, mən “Titanik” və “Avatar” filmlərinin işlərini tərgidib, hardasa bir çimərlikdə oturub vaxt öldürürəm və bütün bu filmləri, və bütün bu filmləri,
Şöhrət yox, məşhurluq yox, pul yox. Bəs bunu nə üçün edirəm? Mən bunu prossesin özü üçün edirəm, tədqiqat üçün edirəm- okean isə tədqiq etmək üçün ən yaxşı yerdir, həyəcan verici kəşflər üçün və kiçik qruplar birləşib sıx bir komanda quran zaman həmin adamlar arasında yaranan qəribə əlaqələr üçün edirəm. Çünki biz 10-12 nəfərlik qrupla bir neçə il ərzində çalışmışıq. Elə hallar olub ki, 2-3 ay dənizdə qalmışıq.
Və bu əlaqələr zamanı başa düşürsən ki, ən vacib olanı – hörmətdir, onların sizə, sizin onlara bəslədiyiniz hörmət, hansı ki, bunun nəticəsində siz birlikdə elə işlər görmüsüz ki, bunu başqa bir adama heç cür başa sala bilməzsiz. Sahilə çıxırsız və adamlara məlumat vermək istəyirsiz: “Biz bu əşyanı və fibra-optik kabel düzəltdik, kölgələnməni və s. Bütün bu texnologiyaları, fəaliyyətinizin dənizdəki çətinliyini, siz adamlara başa sala bilməzsiz.” Buna oxşar hal polislər və döyüşçülərdə də var, bir çox hadisələrdən birgə keçiblər, və anlayıram ki, onlar da bunu heç vaxt başa sala bilməzlər. Bu adamlar arasına bağlar yaranır, təməli qarşılıqlı hörmət olan sıx bağlar.
Mən növbəti filmimi- “Avatar” -ı çəkmək üçün qayıdanda, bu prinsipini tətbiq etməyə çalışdım- işlədiyin komandaya hörmət etmək və əvəzində onların hörmətini qazanmaq. Bu doğurdan da bütün prosesi dəyişdi. Budur, mən yenindən kiçik komanda ilə məşhur olmayan bir ərazidə “Avatar” filminin çəkilişlərindəyəm, əvvəllər mövcud olmayan yeni texnologiya hazırlayıram. Olduqca həyəcanverici, və çətin prosesdir. Və biz dörd il yarım vaxt ərzində bir ailə olduq. Mənim film çəkilişlərinə yanaşma tərzim tamamilə dəyişdi. Bilirsiz adamlar deyirlər ki, mən bütün bu varlıqları okeandan götürüb Pandoraya yerləşdirmişəm. Lakin, mənim daha üçün vacib olan idarəçiliyin yeni prinsipi idi, yəni prosesin özü idi ki, nəticədə tamamilə dəyişdi.
Və biz bundan hansı nəticəni çıxara bilərik? Nə öyrəndik? Marağın gücü - məncə ilk növbədə bunu. Sizin əsas qüvvəniz. Təsəvvür- bu həqiqətən də, reallığı müəyyən edən qüvvədir. Və işlədiyin komandaya hörmət etmək dünyadakı bütün mükafatlardan daha vacibdir. Gənc rejissorlar məsləhət almaq üçün yanıma gəlirlər. Mən onlara deyirəm: “Özünüzə sərhəd qoymayın. Bunu sizin əvəzinizə başqaları edəcək, amma özünüz bunu etməyin, özünüzə qarşı oynamayın. Və risk edin!”
ABŞ Milli Kosmik Agentliyinin işçilərinin çox sevdiyi cümlələrdən biri: “Səhv etməyə haqqımız yoxdur!” Amma incəsənətdə və elmdə səhv etməyə haqqımız olmalıdır, çünki getdiyimiz yol sonu bəlli olmayan bir yoldur. Və indiyə qədər yenilik tələb edən böyük işlərin heç biri risksiz həyata keçməyib. Riskə getməyi bacarın. Bu fikirlə də sizi baş-başa qoymaq istəyirəm: nə edirsizsə edin, səhv etməyə haqqınız var, lakin qorxub geri çəkilməyə əsla! Təşəkkürlər. (Alqışlar)
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Ceyms Kameronun iri büdcəli (və çoxgəlirli) filmləri insanları qeyri-adi aləmə aparır. Bu çıxışında o uşaqlıqda fantastika aləminə olan marağından--elmi-fantastika kitabları oxumasından başlayaraq sualtı aləmə enməsinə və nəticədə “Gəlmələr”, “Terminator”, “Titanik” və “Avatar” filmlərinin uğurunun sirləri haqqında danışır.
James Cameron is the director of Avatar, Titanic, Terminator, The Abyss and many other blockbusters. While his outsize films push the bounds of technology, they're always anchored in human stories with heart and soul. Full bio »
Translated into Azerbaijani by Zhala Najafova
Reviewed by Kanan Karimzada
Comments? Please email the translators above.
18:16 Posted: Feb 2009
Views 491,266 | Comments 142
18:07 Posted: Feb 2009
Views 500,397 | Comments 53
17:36 Posted: Sep 2007
Views 227,453 | Comments 144
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.